Layihələrdə İnsan Resurslarının İdarə Edilməsi - Seminar
Layihələrin idarə edilməsində insan resursları Bugünki mövzumuz standart insan resurslarının idarə edilməsiylə bağlı hər hansı bir təlim deyil. Mövzumuz tamamən layihə idarəetməsindəki maraqlı şəxslərlə əlaqədardır. Yəni İnsan Resursları idarəetməsi təlimi deyil, amma layihə ilə əlaqədar, layihələrin idarə edilməsində insan resurslarının rolundan,layihələrdə hansı mərhələdə insan resursları şöbəsinin hansı rolu, dəstəyi var bunlardan bəhs edəcəyik. Layihənin idarə edilməsində iştirakçı olan insan resursları şöbəsi tamamən dəstəkçi roldadır. Əsas idarə edən texniki departamentlərdir, insan resursları olaraq bizim işimiz sadəcə layihəyə dəstəkdən ibarətdir. Söhbətimizə bu yöndən yanaşmanız daha uyğun olar. İnsan Resurslarıyla əlaqədar çoxunuzun məlumatı var. Digərləri üçün də qısa olaraq demək istəyirəm. Necə ki, satınalma şöbəsi var. Bu şöbə nə qədər ucuz və keyfiyyətli mal alarsa nəticədə şirkətin rəqiblərlə müqayisədə rəqabət gücü o qədər artır, stratejik bir uğur əldə edir. Eyni ilə maliyyə şöbəsi büdcəni nə qədər effektiv idarə edərsə, bir o qədər də şirkət qazanclı çıxar. İnsan resursları şöbəsi isə insandakı qabiliyyətləri, keyfiyyətləri şirkət naminə nə qədər faydalı idarə edərsə şirkət bir o qədər inkişaf edər, stratejik rəqabəti güclənmiş olar. Layihələrdə müəyyən müddət var. Bu müddətə görə layihə üçün lazım olan xüsusiyyətlər nəzərə alınıb işçi seçilir. Amma şirkətlərdə müəyyən qabiliyyətlər, səriştələr müəyyən edilir və bunlara əsasən seçilir. İR-nin digər məşğul olduğu sahələrdən biri işçini əldə tutmaqdır. Bunu əldə tutmaq üçün də şirkətlər istəyər ki, işçini universitetdən alsın, yetişdirsin və ömür boyu ondan faydalansın. Layihədə isə müəyyən dövr var. Həmin müddət layihədə qalır və sonra ayrılır. Daha bir məsələ təlim və inkişafdır. Şirkətdə ümumi planın bir hissəsi olaraq buna yer ayrılırsa, layihədə təlim şirkətlə müqayisədə əlavə xərc kimi görülür. Çünki layihəyə hazırlıqsız adam cəlb etmək kimi bir məqsəd yoxdur. Layihəyə gələn adam hazırlıqlı vəziyyətdə gəlib, layihə müddəti ərzində orada qalıb, işini görüb getməlidir. Eyni zamanda layihə işçi üçün bir inkişaf fürsətidir. İR layihə idarəetmədə uğur üçün bir faktordur. Necə ki, layihədə büdcə olmasa iş görülə bilməz, texniki yeniliklərdən faydalanılmasa iş görülə bilməz, insan da bu formada bir faktordur. İnsanın digərlərindən fərqi ondan ibarətdir ki, davranışlardan söhbət gedir. İR-nın idarə edilməsi, layihəni idarə edən insanın özünün idarə edilməsi prosesidir. Bu çətinliyi bir az da artırır. İnsan davranışlarını nəzarətdə saxlamaq çətindir. Digər faktorlar isə kontrolda saxlanıla bilir. Ona görə də İR layihə idarə edilməsində daha çətin bir işdir. Layihə özü bir prosesdir, yəni başlanğıcı və bitişi var. Bu prosesdə layihələri müxtəlif mərhələlərə bölürlər. Biz dörd yerə böləcəyik: Layihənin başlanğıcı, layihə planlaşdırma, layihənin icrası və layihənin təslim edilməsi mərhələsi. Hər bir mərhələdə İR-nın müəyyən işləri var. İlkin mərhələ layihə menecerinin təyin edilməsidir. Bu mərhələ layihə menecerinin müəyyən edilməsi prosesidir. Hər kəs layihə meneceri ola bilməz, müəyyən xüsusiyyətləri olmalıdır. Bu datalar haradan gəlir? İR-dan. Hər bir işçinin hansı qabiliyyətləri olduğu İR-da olmalıdır. İkinci mərhələdə bütün şöbələr layihə rəhbərinin ətrafında toplanıb layihə idarə edilməsi metodologiyasını, layihəni necə idarə edəcəyini, hansı şöbənin necə dəstək verəcəyini planladığı mərhələdir. Bu mərhələdə İR-nın dəstəyi layihə idarəetmənin insanla bağlı bütün məsələlərinin ələ alınacağı bir prosesdir. İR planında hər bir şirkətin, hər bir işçisinin nə iş görəcəyi planlaşdırılır, kimə bağlı olacağı göstərilir. İndi isə İR-nın effektiv olması üçün nələri etmək lazımdır ondan bəhs edək. Effektiv layihə planını hazırlamaq üçün İR mütəxəssisi layihənin xüsusiyyətlərini bilməlidir. Biz nə qədər yaxşı HR olsaq da, əgər bizim ilk layihəmizdirsə bu işdə biz onlardan faydalanmalı, kömək istəməliyik. Mövcud komandamızla toplantı edib onların da fikrini alsaq yaxşı olar. İşçilərin də fikri alınmalıdır ki, layihənin icra dönəmində problem olmasın. Layihənin icra dövrü layihə üçün işçinin seçilməsi, işçilərdən komanda qurmaq və o komandanı idarə etməkdən ibarətdir. İR həmişə işçinin lehinə qərar vermək məcburiyyətində deyil. Bəzi işçilər olur ki, layihə komandasının ümumi performansını düşürür. Həmin işçiylə yolları ayırmaq lazımdır. Peşəkarlıq bunu tələb edir. İR-nın ən böyük problemlərindən biri şirkətin gördüyü işdən məlumatsızlıqdır. İstehsalatın formasından xəbərsizik və buna görə də ona uyğun adam verə bilmirik. Layihəmizi, şirkətimizi bir şirkət rəhbəri kimi bilməliyik və ona uyğun, düzgün insanı verməli, layihə komandasını qurmalı və onları doğru idarə etməklə rəhbərliyə köməklik göstərməliyik. Layihələrin idarə edilməsində insan resurslarınını düzgün idarə etməklə, Layihələrinizi daha rahat idarə edin!
Yazar
Azad Ömərov
İnsan Resursları mütəxəssisi