Layihələrin İdarə Edilməsində İnsan Resursları
Bugünki mövzumuz standart insan resurslarının idarə edilməsiylə bağlı deyil, tamamilə layihə idarəetməsindəki maraqlı şəxslərlə əlaqədardır. Yəni İnsan Resursları idarəetməsi deyil, amma layihə ilə əlaqədar, layihələrin idarə edilməsində insan resurslarının rolundan, layihələrdə hansı mərhələdə insan resursları şöbəsinin hansı rolu, dəstəyi var bunlardan bəhs edəcəyik. Layihənin idarə edilməsində iştirakçı olan insan resursları şöbəsi tamamən dəstəkçi roldadır. Əsas idarə edən texniki departamentlərdir, insan resursları olaraq bizim işimiz sadəcə layihəyə dəstəkdən ibarətdir.
Yazımıza bu yöndən yanaşmanız daha uyğun olar. İnsan Resurslarıyla əlaqədar çoxunuzun məlumatı var. Qısa olaraq demək istəyirəm. Necə ki, satınalma şöbəsi var. Bu şöbə nə qədər ucuz və keyfiyyətli mal alarsa nəticədə şirkətin rəqiblərlə müqayisədə rəqabət gücü o qədər artır, stratejik bir uğur əldə edir. Eyni ilə maliyyə şöbəsi büdcəni nə qədər effektiv idarə edərsə, bir o qədər də şirkət qazanclı çıxar. İnsan resursları şöbəsi isə insandakı qabiliyyətləri, keyfiyyətləri şirkət naminə nə qədər faydalı idarə edərsə şirkət bir o qədər inkişaf edər, stratejik rəqabəti güclənmiş olar.
İlk başda biz standart insan resursları və layihələrin idarə edilməsindəki insan resursları arasındakı fərqi vurğulamağa çalışırıq. İnsan resurslarının müxtəlif funksiyaları, məşğul olduğu sahələr var. Bu sahələr şirkətlərdə fərqli, layihələrdə fərqli mahiyyəti olur. Məsələn, İnsan resurslarının strateji planlaması olaraq baxıldıqda İR həm layihələrdə, həm də şirkətlərlə müqayisə etdikdə fərqlər ortaya çıxır. Digər bir İR fəaliyyəti işçi seçimi, işçi təminidir.
Layihələrdə müəyyən müddət var. Bu müddətə görə layihə üçün lazım olan xüsusiyyətlər nəzərə alınıb işçi seçilir. Amma şirkətlərdə müəyyən qabiliyyətlər, səriştələr müəyyən edilir və bunlara əsasən seçilir. İR-nin digər məşğul olduğu sahələrdən biri işçini əldə tutmaqdır. Bunu əldə tutmaq üçün də şirkətlər istəyər ki, işçini universitetdən alsın, yetişdirsin və ömür boyu ondan faydalansın. Layihədə isə müəyyən dövr var. Həmin müddət layihədə qalır və sonra ayrılır.
Daha bir məsələ təlim və inkişafdır. Şirkətdə ümumi planın bir hissəsi olaraq buna yer ayrılırsa, layihədə təlim şirkətlə müqayisədə əlavə xərc kimi görülür. Çünki layihəyə hazırlıqsız adam cəlb etmək kimi bir məqsəd yoxdur. Layihəyə gələn adam hazırlıqlı vəziyyətdə gəlib, layihə müddəti ərzində orada qalıb, işini görüb getməlidir. Eyni zamanda layihə işçi üçün bir inkişaf fürsətidir.
Layihə risklərinin idarə edilməsi layihədə bir funksiyadır. Çünki layihədə daim dəyişiklik, dinamizm var. Bu günlə sabah eyni deyil. Layihəylə müqayisədə şirkətlərdə İR-nın riskləri daha azdır. Bizim mövzumuz əsasən layihə idarəçiliyində İnsan Resursları fəaliyyətidir. Layihənin uğurlu başa çatması üçün ən effektiv şəkildə idarə edilməsi məsələsi. Layihəyə lazım olan uyğun sayda və uyğun qabiliyyətdə insanla təmin etmək İR fəaliyyətinin əsas məqsədini təşkil edir.
İR layihə idarəetmədə uğur üçün bir faktordur. Necə ki, layihədə büdcə olmasa iş görülə bilməz, texniki yeniliklərdən faydalanılmasa iş görülə bilməz, insan da bu formada bir faktordur. İnsanın digərlərindən fərqi ondan ibarətdir ki, davranışlardan söhbət gedir. İR-nın idarə edilməsi, layihəni idarə edən insanın özünün idarə edilməsi prosesidir. Bu çətinliyi bir az da artırır. İnsan davranışlarını nəzarətdə saxlamaq çətindir. Digər faktorlar isə kontrolda saxlanıla bilir. Ona görə də İR layihə idarə edilməsində daha çətin bir işdir.
Layihə özü bir prosesdir, yəni başlanğıcı və bitişi var. Bu prosesdə layihələri müxtəlif mərhələlərə bölürlər. Biz dörd yerə böləcəyik:
Layihənin başlanğıcı, layihə planlaşdırma, layihənin icrası və layihənin təslim edilməsi mərhələsi. Hər bir mərhələdə İR-nın müəyyən işləri var. İlkin mərhələ layihə menecerinin təyin edilməsidir. Bu mərhələ layihə menecerinin müəyyən edilməsi prosesidir. Hər kəs layihə meneceri ola bilməz, müəyyən xüsusiyyətləri olmalıdır. Bu datalar haradan gəlir? İR-dan. Hər bir işçinin hansı qabiliyyətləri olduğu İR-da olmalıdır.
İkinci mərhələdə bütün şöbələr layihə rəhbərinin ətrafında toplanıb layihə idarə edilməsi metodologiyasını, layihəni necə idarə edəcəyini, hansı şöbənin necə dəstək verəcəyini planladığı mərhələdir. Bu mərhələdə İR-nın dəstəyi layihə idarəetmənin insanla bağlı bütün məsələlərinin ələ alınacağı bir prosesdir. İR planında hər bir şirkətin, hər bir işçisinin nə iş görəcəyi planlaşdırılır, kimə bağlı olacağı göstərilir.
İndi isə İR-nın effektiv olması üçün nələri etmək lazımdır ondan bəhs edək. Effektiv layihə planını hazırlamaq üçün İR mütəxəssisi layihənin xüsusiyyətlərini bilməlidir.
Biz nə qədər yaxşı HR olsaq da, əgər bizim ilk layihəmizdirsə bu işdə biz onlardan faydalanmalı, kömək istəməliyik. Mövcud komandamızla toplantı edib onların da fikrini alsaq yaxşı olar. İşçilərin də fikri alınmalıdır ki, layihənin icra dönəmində problem olmasın. Layihənin icra dövrü layihə üçün işçinin seçilməsi, işçilərdən komanda qurmaq və o komandanı idarə etməkdən ibarətdir.
Bu mərhələlərin hər birinin öz çətinlikləri var. Layihə meneceri işin başlanğıcında bir lider olmalıdır. Layihə menecerinin hər mərhələdə bir rolu var. İnsanları inandıra bilməlidir ki, sizin köməyinizlə biz bu işi filan müddətə başa çatdıracayıq. Layihələrdə planlama mərhələsində insanları bir yerə gətirməli, birləşdirici bir rolu olmalıdır. Ortaq məqsəd üçün işləyən layihə komandası halına gətirə bilməlidir. Layihənin icra dövründə də çox yaxşı idarəçi olmalıdır. İşləri, insanları, şöbələri düzgün idarə edə bilməlidir. Layihənin icra dövründə işlərin gedib getmədiyinə nəzarət etmək lazımdır, tıxanıqlıq varsa müxtəlif səbəblərdən dolayı onları həll edə bilməlidir.
Müxtəlif ölkələrdən müxtəlif cür insanları gətirdik və onlardan müştərək layihə komandası qurmağa çalışırıq. Bu özü-özlüyündə çətin bir prosesdir. Layihə üçün komanda qurularkən də müxtəlif mərhələlər var. Komanda üzvlərinin bir-birini tanıması, müzakirəsi, yaxınlaşması və s. Layihə komandası quruldu, hər kəs işləyir və insanlar özləri haqqında məlumat istəyirlər. Necə işlədikləri, layihədəki öz performanslarıyla maraqlanmağa başlayırlar.
İR həmişə işçinin lehinə qərar vermək məcburiyyətində deyil. Bəzi işçilər olur ki, layihə komandasının ümumi performansını düşürür. Həmin işçiylə yolları ayırmaq lazımdır. Peşəkarlıq bunu tələb edir.
Yüksək maaş alan işçi bir müddət həvəslə işləyir, daha sonra həmin məbləğ onu motivə etmir, adiləşir. Müxtəlif cür motivasiya nəzəriyyələrindən istifadə etmək lazım gəlir. Pulun çoxluğu hər zaman motivə edici olmur, bir müddətdən sonra artıq onun standartı halına gəlir. İşçilərin işdən gözləntiləri fərqlidir. Hər işçini gözləntisinə uyğun motivə etmək lazımdır.
İR-nın ən böyük problemlərindən biri şirkətin gördüyü işdən məlumatsızlıqdır. İstehsalatın formasından xəbərsizik və buna görə də ona uyğun adam verə bilmirik. Layihəmizi, şirkətimizi bir şirkət rəhbəri kimi bilməliyik və ona uyğun, düzgün insanı verməli, layihə komandasını qurmalı və onları doğru idarə etməklə rəhbərliyə köməklik göstərməliyik.
Layihələrin idarə edilməsində insan resurslarınını düzgün idarə etməklə,
Layihələrinizi daha rahat idarə edin!
Yazar
Azad Ömərov
İnsan Resursları mütəxəssisi